BAŞ REDAKTORDAN

2009-cu ilin may ayından “Bizim Söz” adlı ədəbi-publisistik qəzetin nəşrinə başladıq. Heç bir maaliyyəsiz və maddi-texniki bazasız. İlk sayımızı nəşr edəndə də bilmirdik ki, qəzetmiz nə qədər yaşayacaq, neçə sayımız çapdan çıxacaq, bu gün də dəqiq bilmirik, çünki yenə də heç bir maaliyyə mənbəyimiz və maddi-texniki bazamız, ofisimiz-filanımız yoxdur. “Bizim Söz”ün ofisi intenet klublardır, dostlarımızın çalışdıqları iş yerləridir, ciblərimizdəki “fləş-kart”lardır. Və ondan da əmin deyilik ki, bu bizim son sayımız deyil. Hər nömrəmizi dişimizlə, dırnağımızla, böyük çətinlikləri dəf edərək çıxardırıq. Bircə üstünlüyümüz var: biz bu işi sevə-sevə görürük. Birtəhər gəlib bir yaşımıza çıxdıq. Elə bu münasibətlə də qələmə aldığım yazıda daha problemlərimizdən danışmaq istəmirəm. Onsuz da danışsam belə sorunumuz sorun olaraq qalır. Sadəcə, bu məqamda oxucuya bir səslənişim var: əziz oxucu, bizim qəzetin – sənin qəzetinin heç bir yerdən dəstəyi, köməyi yoxdur. Biz müstəqilliyimizi qorumaq üçün bu yolu seçmişik. Bizim olanımız uca Tanrımız və sənsən. “Bizim Söz”ün sayğılı oxucusu, bu durumda sənin bizə köməyin ondan ibarət olar ki, sən hər dəfə qəzet köşkündən 1 deyil, 2, 3 “Bizim Söz” alırsan və onu ədəbiyyatsevərlərə hədiyyə edirsən. İnan ki, bircə qəzetimizin də artıq alınmasının bizim üçün önəmi var.

Qəzetin baş yazarı olaraq (həm də fəhləsi, korrektoru, müxbiri, satış müdiri, təbliğatçısı və s. və i.) bu bir ildə sözə dəyər verərək bizimlə əməkdaşlıq edən ziyalılarımıza, qələm adamlarına, oxuculara sonsuz minnətdarlığımı bildirirəm. Bu müddət ərzində mənim fikrimcə (sevindirici haldır ki, bu yalnız mənim fikrim deyil), qəzetimiz böyük bir yol keçdi. İlk sayımızdan milli dəyərlərimizin, dəyərli ədəbiyyatımızın, dövlətimizin mədəniyyət siyasətinin, bütün nəsillərdən və bütün çevrələrdən olan yazarlarımızın təbliği ilə məşğul olmuşuq, bu gün də eyni yoldayıq. Qəzetimizin ötən bir ildə işıq üzü görən saylarını, səhifələrini vərəqlədikcə, həyata keçirdiyimiz layihələri göz önünə gətirdikcə, əlbəttə ki, şərəfli bir yol keçdiyimizin fərqindəyik. İlk sayımızdan dahi Üzeyir bəyin maarifçilik xəttini seçdik. Hər sayımızda Üzeyir bəyin bu günümüz üçün daha aktual olan yazılarını dərc etdik. Respublikamızın nüfuzlu ziyalıları, qələm adamları öz yazıları ilə qəzetimizdə çıxış etdilər. Bəzi adları çəkmək istəyirəm. Tanınmış tənqidçilər Vaqif Yusifli, Şirindil Alışanlı, Əsəd Cahangir, Aydın xan, professorlar, elm adamları Şahlar Əsgərov, Qara Namazov, Kamil Vəli Nərimanoğlu, Cahangir Məmmədli, Şəhla Tahirqızı, şair və yazıçılardan Zəlimxan Yaqub, Aqil Abbas, Rəşad Məcid, Orxan Fikrətoğlu, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Əkbər Qoşalı, Elçin İsgəndərzadə, Ədalət Əsgəroğlu, Dayandur Sevgin, İlqar Fəhmi, Zahir Əzəmət və b. maraqlı və polemik müsahibələri, məqalələri ilə, Namiq Hacıheydərli, Əvəz Qurbanlı, Nofəl Ədalət, Cavid Cabbaroğlu, Faiq Hüseynbəyli, Günay Dağlı düşündürücü köşə və təhlil yazıları ilə səhifələrimizdə çıxış etdilər. “Ustad sözü” səhifəsində Dədə Şəmşir, Səməd Vurğun, Nəriman Həsənzadə, Əli Kərim, Ənvər Rza kimi şairlərin şeirlərinə yer verdik. İstedadlı gənclərdən Xatirə, Ay Nur, Elşən Əzim, Sabir Alim, Kəramət Böyükçöl, Elvin Bakiroğlu, Sevinc Çılğın, Kənan Hacı, Ayxan və b. şeir və hekayələri səhifələrimizdə dərc olundu.  Dünya ədəbiyyatından Əziz Nesin, Şekspir, Yesenin, Nazim Hikmət, Xalidə Nüsrət Zorlutuna, Fatma Pekşen, Ömər Seyfəddin, Sabahəddin Ali və b. yazılarını dərc etdik. Bu adlara diqqət yetirəndə bir daha aydın olur ki, “Bizim Söz” qəzeti üçün önəmli olan sözdür, ədəbiyyatdır. Yazarın hansı yaş qrupuna, ədəbi cərəyana, çevrəyə aid olması bizim üçün önəmli deyil.

“Bizim Söz” olaraq həyata keçidiyimiz ən böyük layihəmiz isə, bu ilin yanvar ayında gerçəkləşdirdiyimiz Mükafalandırma Mərasimi oldu. 2009-cu ilin ədəbi yekunlarına həsr edilmiş tədbiri də məhz “Bizim Söz” keçirdi. Bu tədbirin gerçələşməsində bizə dəstək olan Azərbaycan Yazıçılar Birliyinə, hörmətli Rəşad Məcidə buradan bir daha təşəkkürlərimizi bildirirəm.  Bu mərasimdə ədəbiyyata göstərdikləri xidmətlərə görə müxtəlif nominasiyalar üzrə mükafatçılarımız oldu. “Bizim Söz”ün nominantları millət vəkilləri Aqil Abbas, Qənirə Paşayeva, yazıçı, hakim Ənvər Seyidov, türkoloq Adil Cəmil və xalqımızın digər ziyalı övladları, eyni zamanda “525-ci qəzet”, Dünya Gənc Türk Yazarlar Birliyi kimi təsisatlar oldu. Bu tədbiri də hər il gerçəkləşdirmək niyyətindəyik.

Əziz “Bizim Söz” oxucusu, hələlik sözümü yekunlaşdırmaq və səni qəzetimizin yeni sayı ilə baş-başa buraxmaq istəyirəm.

Allah amanında!

Sevgi və sayğılarla: Ələmdar Cabbarlı

Reklamlar
  1. No trackbacks yet.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

Reklamlar
%d blogcu bunu beğendi: